Mətbuatda Cəbrayıl Rayonu İşğaldan Azad Olundu

Cəbrayıl Rayonu İşğaldan Azad Olundu

10

4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu.

Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati mərkəzi olan Cəbrayıl şəhəri 8 avqust 1930-cu ildə təşkil edilib. 23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilib.

İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Nəhayət, Azərbaycan Silahlı Qüvvələri düşmənin əks-hücum həmlələrini dəf edərək, Cəbrayılı işğaldan azad etdi.

4 oktyabr 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri Cəbrayılda aşağıdakı ərazilərə nəzarəti itirib:

– Cocuq Mərcanlı,

– Böyük Mərcanlı ,

– Nüzgar,

– Mehdili,

– Çaxırlı,

– Aşağı Maralyan,

– Şəybəy,

– Quycaq kəndləri,

– Cəbrayıl şəhəri.

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.

Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülüb. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olub. Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub.

Cəbrayıl rayonunun işğaldan azad olunması münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir və rəşadətli Azərbaycan ordusuna digər işğalda olan ərazilərimizin düşmən tapdağından azad olunması yolunda apardıqları mübarizədə müzəffər olmalarını niyaz edirik.