Mətbuatda GYF-Də Mərhum Şair Fərqanə Mehdiyevanın Xatirəsinə Həsr Olunmuş Şeir Müsabiqəsi Təşkil Olunub

GYF-Də Mərhum Şair Fərqanə Mehdiyevanın Xatirəsinə Həsr Olunmuş Şeir Müsabiqəsi Təşkil Olunub

22

Dünya Gənc Türk Yazarlar Birliyinin, Gəncliyə Yardım Fondunun, Ulduz jurnalının və “Fərqanə ədəbi məclisi”nin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında mərhum şair Fərqanə Mehdiyevanın xatirə gecəsi və şairənin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Gəncliyə Yardım Fondunun əməkdaşı Eldar Kərimov qonaqları və tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan edib. Daha sonra çıxış üçün sözü Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara verib. İntiqam Yaşar çıxış edərək, Azərbaycan ədəbiyyatının tanınmış şairi Fərqanə Mehdiyevanın xatirəsinə həsr olunmuş tədbirə qatılan qonaqlara və müsabiqə iştirakçılarına təşəkkür edib və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təsis olunmuş Fərqanə ədəbi mükafatını təqdim edib. Tədbirdə iştirak edən ədəbiyyat nümayəndələrindən Əli Kərim Adına Poeziya Evinin direktoru şair İbrahim İlyaslı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti şair-publisist Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair Rəsmiyyə Sabir, yazıçı Kənan Hacı, şair-publisist Faiq Balabəyli, Azərbaycan jurnalının şöbə müdiri Qəşəm Nəcəfzadə, gənc şair Qabil Ədalət çıxış edərək Fərqanə Mehdiyeva haqqında xatirələrini bölüşüblər.

Daha sonra 8müsabiqə müsabiqə iştirakçıları öz şeirlərini səsləndiriblər. Müsabiqədə 35 yaşa qədər olan gənc yazarlar iştirak edib. 15 fevral 2022-ci il tarixinədək müsabiqəyə göndərilmiş şeirlərdən ikinci mərhələyə keçənlər şeir gecəsində müəlliflər tərəfindən səsləndirilib və münsiflərin canlı səsverməsi ilə qaliblər seçilib. Müsabiqədə birinci yeri Sevinc Yunuslu, ikinci yeri Ayşən Rəhim üçüncü yeri isə Vüsal Yurdoğlu və Elşad Barat tutub. Birinci yerin qalibinə Fərqanə ədəbi mükafatı verilib. İkinci və üçüncü yerin qaliblərinə isə müvafiq olaraq diplomlar təqdim olunub.Müsabiqənin münsiflər heyətində tanınmış ədəbiyyat nümayəndələri İbrahim İlyaslı, Əkbər Qoşalı, Rəsmiyyə Sabir, Kənan Hacı və Faiq Balabəyli olub. Müsabiqənin qalibinə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təsis olunmuş “Fərqanə” ədəbi mükafatı, ikinci və üçüncü yeri tutan iştirakçılara isə diplomlar təqdim olunub.

Fərqanə Mehdiyevanın oğlu Ülfət Əliyev çıxış edərək, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.  Lent yazılarından mərhum şair Fərqanə Mehdiyevanın öz ifasında olan şeirləri dinlənilib. Təbdirin yekununda xatirə fotosu çəkilib və müsabiqə iştirakçılarına Fərqanə Mehdiyeva haqqında yazılmış kitab hədiyyə olunub.