Sosial Fəaliyyətlər “Hidayət Rəhbəri Hz. Peyğəmbər” Adlı Mövlud Proqramı Keçirilib

“Hidayət Rəhbəri Hz. Peyğəmbər” Adlı Mövlud Proqramı Keçirilib

14

6 oktyabr tarixində İrfan jurnalının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda Həzrət Peyğəmbərin mübarək doğumuna həsr olunmuş “Hidayət rəhbəri Hz. Peyğəmbər” adlı proqram keçirilib.

İrfan jurnalının baş redaktoru Nurlan Məmmədzadənin açılış nitqi ilə başlayan tədbirdə Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığının ölkəmizdəki müşaviri Zeki Yavuzyılmaz öz ürək sözlərini bölüşüb. Hz. Peyğəmbərin insanlığa nümunə olmasından bəhs edən müşavir Onun irşad və təbliğ həssasiyyətinə toxunub. Daha sonra məruzəçilərə söz verilib. Fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Həzrət Peyğəmbərin ibadət həssasiyyəti” adlı məruzəsində Rəsulullahın ibadətə nə qədər əhəmiyyət verdiyindən danışıb. Tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov “O necə öyrədirdi” mövzulu məruzəsində Peyğəmbərimizin yetişdirdiyi səhabə nəslindən söz açıb. Allah Rəsulunun onları necə tərbiyə etdiyini və örnək nəsil kimi formalaşdırdığını qeyd edib. Fəlsəfə üzrə fəlsəfə doktoru, hədisşünas Səfa Muradovun təqdimatında “Onun gözəl əxlaqı”ndan nümunələr səsləndirilib. Hər bir müsəlmanın Peyğəmbər əxlaqı ilə həmhal olmasının əhəmiyyətindən bəhs edilib.

Məruzəçilərin çıxışından sonra Bakıda səfərdə olan “İrfan” jurnalının qurucularından Salih Zeki Meriç öz ürək sözlərini iştirakçılarla paylaşaraq belə bir gündə mövlud proqramında iştirakından dolayı sevincini paylaşıb.  

Sonda proqrama ev sahibliyi edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim söz alaraq bu torpaqlarda Peyğəmbər sevgisinin qədim olduğunu və insanların Ona olan dərin məhəbbətini dilə gətirib. Bu sevginin hər zaman canlı tutulmasının əhəmiyyətini vurğulayaraq bizi birləşdirən dəyər olduğunu bildirib.

Tədbirin sonunda tanınmış qari Sadiq Novruzov və Tural Məmmədov tərəfindən oxunan ilahi və qəsidələrlə mənəvi ab-havanın hakim olduğu tədbir xoş anlarla yadda qalıb.