Sosial Fəaliyyətlər “Ürəyimdəki Azərbaycan” Adlı Fotosərgi Təşkil Olunub

“Ürəyimdəki Azərbaycan” Adlı Fotosərgi Təşkil Olunub

20

Şimali Kipr Türk Respublikası Bakı nümayəndəliyi tərəfindən ŞKTR-nin Bakıdakı nümayəndəliyinin təhsil və mədəniyyət müşaviri Tevfik Ulualın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ürəyimdəki Azərbaycan” adlı fotosərgisi təşkil olunub. Sərgidə Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak edib.

Tədbir Ümummilli lider Heydər Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla anılması, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasında böyük rolu olduğunu qeyd edərək, Ümummilli Liderin həyata keçirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Şimali Kipr Türk Respublikası və Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafında ölkələrimizin mədəniyyət, idman və sosial sahələrində əməkdaşlığı xüsusi yer tutur. Tevfik bəy qardaşlıq duyğusunun təsiri ilə bu gün sizlərlə fotoqraf gözü ilə çəkilmiş şəkillərini bölüşür. Buna görə ona təşəkkürümü bildirmək istəyirəm”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş sərgidə iştirak etdiyindən məmnunluğunu bildirib. “Azərbaycanın görmədiyimiz və hələ də görə bilmədiyimiz bir çox gözəlliklərini bu gün sərgidə bizə tanışdırdığı üçün Tevfikə təşəkkürlərimi bildirirəm. Bu sərgidə sadəcə Bakının gözəlliyi deyil, eyni zamanda, Azərbaycanın cənubundan şimalına, şərqindən qərbinə qədər olan gözəl təbiəti əks olunub”, – deyə səfir qeyd edib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.