Sosial Fəaliyyətlər İRFAN Jurnalı 200-cü Sayını Qeyd Etdi

İRFAN Jurnalı 200-cü Sayını Qeyd Etdi

479

2005-ci ildən etibarən hər ay nəşr olunan “İrfan” ictimai fikir jurnalı iyul ayının 18-də 200-cü sayının nəşri münasibəti ilə tədbir təşkil edib. Gəncliyə Yardım Fondunun konfrans zalında qeyd olunan yubiley mərasimində “İrfan”ın yazarları, təmsilçi və abunəçiləri iştirak edib.

Tədbiri açıq elan edən “İrfan” jurnalının baş redaktoru Nurlan Məmmədzadə bütün iştirakçıları və qonaqları salamladıqdan sonra “İrfan”ın Azərbaycan mühitindəki yerindən, keçən illər ərzində görülən işlərdən söz açdı. Açılıq nitqindən sonra İrfan jurnalının 200 sayından bəhs edən video nümayiş etdirildi.

İrfan jurnalının məsul katibi Əziz Sultan, İpəkyolu Nəşriyyatının direktoru Ramiz Məmmədov və naşir Abbas Qurbanov çıxış edərək jurnalın Azərbaycan cəmiyyətindəki müsbət yönlü təsirindən, oxucuların həyatında yaratdığı dəyişiklikdən bəhs edtdirlər, oxumağın ictimai mühitə lüzumundan, ümumilikdə “İpəkyolu” nun Azərbaycan oxucusuna töhfələrindən söz açdılar, keçən illər ərzində nəşr olunan kitab və jurnallar barədə məlumat verdilər.

Jurnalın yazarlarından Lokman Helvacı çıxış edərək Azərbaycan oxucusuna yazı yazarkən hansı hissləri keçirdiyini, deyilmiş sözün, yazılmış məqalənin hansı təsir gücünə malik olduğunu, yaşadığı hadisələrdən misallar verərək iştirakçılarla Azərbaycan təəssüratını paylaşdı. Jurnalın yazarları Fuad Quliyev, Rüfət Şirinov və Eldar Kərimov ürək sözlərini söyləyərək öz təbriklərini çatdırdılar.

Son olaraq Tədbirə ev sahibliyi edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək jurnal kollektivini təbrik etdi. O, öz çıxışında müasir cəmiyyətdə mətbuat işinin əhəmiyyətindən danışaraq, milli-mənəvi mövzulara işıq tutan jurnalların vacibliyini vurğuladı.

Tədbirin sonunda jurnalın ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə təmsilçi və yazarlar “Təşəkkürnamə” ilə təltif olundular.