Sosial Fəaliyyətlər GYF-də “İki Bədəndə Bir Can: Azərbaycan-Türkiyə” Adlı Rəsm Sərgisi Keçirilib

GYF-də “İki Bədəndə Bir Can: Azərbaycan-Türkiyə” Adlı Rəsm Sərgisi Keçirilib

59

Sentyabrın 16-da Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında “Mirvarid Dilbazi Poeziya Məclisi” ictimai birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusunun və Bakının işğaldan azad edilməsinin 105 illiyinə həsr olunmuş “İki Bədəndə Bir Can: Azərbaycan-Türkiyə” adlı rəsm sərgisi keçirilib. Sərgidə millət vəkilləri, rəssamlar, şəhid yaxınları, elm adamları, mədəniyyət xadimləri, QHT və mətbuat nümayəndələri iştirak ediblər.

Sərgi Qafqaz İslam Ordusu və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və hər iki qardaş dövlətin himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

“Mirvarid Dilbazi Poeziya Məclisi” ictimai birliyinin sədri Güllü Eldar Tomarlı tədbir iştirakçılarını salamlayıb, rəsm əsərlərinin Azərbaycan və Türkiyə əlaqələri, hər iki dövlətin tarixi qardaşlığını, vətən müharibəsi şəhidlərini əks etdiyidiyini qeyd edib və göstərdiyi dəstəyə görə Gəncliyə Yardım Fonduna təşəkkürünü bildirib.

Gəncliyə Yardım Fondunun nümayəndəsi Qoşqar Abbas çıxış edərək 15 sentyabr tarixində Bakının işğaldan azad edilməsinin Azərbaycan Cümhuriyyəti üçün olduqca əhəmiyyətli bir hadisə olduğunu, bu zəfərin tarixin seyrini dəyişdirdiyini bildirib. Nuru paşanın komandanlığı ilə qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi ilə Azərbaycan-Türkiyə əlaqələrinin qırılmaz bağlarla bağlandığını və qardaşlığın bu gün də böyük spektrda davam etdiyini vurğulayıb.

Millət vəkili Razi Nurullayev xüsusi bir gündə Azərbaycanın qəhrəmanlıq tarixini xatırlatdığı üçün tədbir təşkilatçılarına təşəkkürünü bildirib. Rəsm əsərlərinə baxdıqda hər iki dövlətin əbədi qardaşlığını, vətən uğrunda canlarından keçənləri, həmçinin Azərbaycanın milli-mənəvi dəyərlərinə və mədəniyyətinə verdiyi dəyərləri görmək olur-, deyə Razi Nurullayev əlavə edib.

Daha sonra rəssamlar, şəhid anaları və QHT nümayəndələri çıxış edib. Tədbirin rəsmi hissəsi bitdikdən sonra rəsm əsərləri nümayiş olunub.