Sosial Fəaliyyətlər GYF-də Gənclər Gününə Həsr Edilmiş Dəyirmi Masa Keçirilib

GYF-də Gənclər Gününə Həsr Edilmiş Dəyirmi Masa Keçirilib

19

Gəncliyə Yardım Fondunda 2 fevral “Gənclər günü”nə həsr edilmiş dəyirmi masa keçirlib. Tədbirdə Fond rəhbərliyi, əməkdaşları və müxtəlif universitetlərdə təhsil alan tələbələr iştirak edib. Dəyirmi masa torpaqların azadlığı uğrunda əziz canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Fondun mətbuat şöbəsinin müdiri Dr. Eldar Kərimov gənclərin təhsil aldıqları dövrdə vaxtlarını səmərəli keçirmələrini, təhsil aldıqları ixtisas üzrə öz ixtisaslarını yaxşı mənimsəmələrini və müasir dünyanın tələblərinə uyğun innovativ biliklərə yiyələnmələrini tövsiyyə edib.

Təhsil şöbəsinin Bakı şəhəri üzrə koordinatoru Dr. Nizami Əfəndiyev çıxışında gənclərə milli-mənəvi dəyərlərə, adət-ənənələrə sahib çıxmağı və həyatlarını bu istiqamətə yönləndirmələrini məsləhət görüb.

Gəncliyə Yardım Fondunun mətbuat xidmətinin əməkdaşı Qoşqar Abbasov çıxış edərək müasir Azərbaycan gəncinin müzəffər gənc olduğunu, zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsi zamanı gənclərimizin böyük şücaət göstərərək vətənpərliklərini bir daha nümayiş etdirdiklərini bildirib.

Fondun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov son zamanlarda gənclər arasında yayılan zərərli vərdişlərə diqqət çəkib. Şahalı Cəlilov zərərli vərdişlərə meyil və aslılığın ən çox gənclik dövründə yarandığını, gənclərin ən dəyərli vaxtlarının zərərli vərdişlərlə hədər olduğunu bildirib və zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edib.

Daha sonra gənclərlə birlikdə mövzu ətrafında müzakirə baş tutub.