Sosial Fəaliyyətlər “Müasir Dövrdə Ailə Dəyərlərimiz” Adlı Elmi-Praktiki Konfrans Keçirilib

“Müasir Dövrdə Ailə Dəyərlərimiz” Adlı Elmi-Praktiki Konfrans Keçirilib

19

22 may 2025-ci il tarixindəXəzər Universiteti, İzmir Katip Çelebi Universiteti, Gəncliyə Yardım Fondu və “İstanbul Aile Vakfı”nın birgə təşkilatçılığı ilə Xəzər Universitetinin Neftçilər kampüsündə “Müasir dövrdə ailə dəyərlərimiz” adlı elmi-praktiki konfrans keçirilib.

Konfrans ölkəmizin müstəqilliyi, torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra ailə mövzusuna həsr olunmuş və Dəyər Media Group tərəfindən hazırlanmış “Ailə varsa, həyat var” adlı videoçarx nümayiş etdirilib.

Xəzər Universitetinin rektoru professor Məhəmməd Nuriyev çıxış edərək bildirib ki, qloballaşan dünyada hər bir ölkənin qarşısında duran əsas məsələnin milli-mədəni irsinin və mənəvi dəyərlərin qorunmasıdır. Professor belə bir şəraitdə doğru seçim etməyin, kimliyimizi və milli-mənəvi zənginliyimizi qorumağın çətinləşdiyini bildirib. “İki dost və qardaş ölkə – Azərbaycan və Türkiyə arasında bu sahədə həyata keçirilən birgə təşəbbüslər də təqdirəlayiqdir”, deyə rektor qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri, professor Birol Akgün  çıxışında ailə dəyərlərinin müasir dünyada qorunması məsələsinin vacib və həssas mövzu və buna görə də 2025-ci il Türkiyə Respublikasında Prezidentimizin birbaşa təşəbbüsü ilə “Ailə ili” elan olunduğunu bildirib. Cənab səfir qeyd edib ki, Türkiyədə ailə institutunun möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib və bu təşəbbüs, eyni zamanda, ölkəmizdə də müvafiq istiqamətdə ictimai və akademik diqqətin artmasına səbəb olub. Birol Akgün Azərbaycanda bu məsələni qaldırdıqları və elmi-praktiki konfransla gündəmə gətirdikləri üçün təşkilatçılara təşəkkür edib, tədbirin fəaliyyətinə uğurlar arzulayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında müasir dövrdə milli-mənəvi dəyərlər hədəf alındığı, bu savaşın təkcə mədəniyyət yox, düşüncə mübarizəsi olduğunu, ailə institutunu zəiflətməklə milli dəyərlərin zəiflədildiyini qeyd edib. Ceyhun Məmnmədov bildirib ki, ailə dəyərləri bizim milli kimliyimizin təməlidir və tarix boyu cəmiyyətimizi bir arada saxlayan ən mühüm sütun məhz ailə olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva tədbirdə çıxış edərək sosial medianın ailələrə böyük zərbə vurduğunu, bu kimi məsələlərdə təkcə valideynlərin məsuliyyət daşımadığını, cəmiyyətin laqeyd yanaşmasının da mənfi hadisələrə səbəb olduğunu bildirib.

Daha sonra çıxış edən Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet Köse ABŞ-ni nümunə göstərərək müasir dövrdə ailə məfhumunun dəyişdirilməyə çalışıldığını və xüsusən də atasız ailə modelinin tətbiq edilməyə çalışıldığını qeyd edib. Sosioloq və psixoloqların həyacan təbili çaldığını bildirən Saffet Köse aparılan təcrübələrdə atasız ailələrin bütün asptektlərdə geridə qaldığını və yenidən əvvəlki ailə modelinə qayıtmağın vacib olduğu qənaətinə gəlindiyini ifadə edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim mədəniyyətimizdə, milli və mənəvi dəyərlərimizdə ailənin böyük məna kəsb etdiyini, türk dünyasında ailənin ülvi məna daşıdığını çıxışında ifadə edib. Ahmet Tecim qeyd edib ki, modern çağda məqsədyönlü şəkildə ailələr dağıdılır və beləliklə min illik mədəniyyətimiz parçalanır. Onun sözlərinə görə cəmiyyəti ayaqda tutan sağlam, milli kimliyinə sahib çıxan və ənənəvi dəyərlərini qoruyan ailədir.

“Müasir Dövrdə Ailə Dəyərlərimiz” elmi-praktiki konfransının rəsmi açılış mərasimindən sonra panel çıxışlar baş tutub. Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet Köse “Müasir Dünyada Ailəmiz: Problemlər – həll yolları”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini Prof. Dr. Tahirə Allahyarova “Rəqəmsal cəmiyyətdə ailə institutu və dəyərlərin transformasiyası: sosial-demoqrafik trendlər, çağırışlar”, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi s.f.f., dos. Asəf Qənbərov “Müasir Azərbaycan ailəsi: sosioloji təhlil”, Ankara Sosial Elmlər Universitetinin müəllimi Prof. Dr. Emir Kaya “Ailəni güncəlləmək”, Bizim Ailə jurnalının baş redaktoru Dr. Gülnarə Seyidova “Zamanla dəyişən rollar: Ər və arvadın cağdaş modeli”, Xəzər Universitetinin müəllimi Dos.Telman Nüsrətoğlu “Türk-İslam mədəniyyət tarixində ailə institutu” mövzulu məruzələri ilə çıxış ediblər.

Konfransın sonunda məruzəçilər təşkilatçılar tərəfindən plaketlə təltif ediliblər.