Aprelin 2-də Gəncliyə Yardım Fondunun rəhbərliyi Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Türkiyənin Azərbaycandakı sabiq səfiri Cahit Bağcı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım ilə görüşüb.
Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri, gənclərin milli-mənəvi inkişafına istiqamətlənmiş yerli və beynəlxalq layihələr, həmçinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən layihələr haqqında geniş məlumat verib. Salih Zeki Meriç qeyd edib ki, Fondun gənclərlə bağlı layihələri eyni zamanda hər iki ölkənin gəncləri arasında körpü rolunu oynayır və Azərbaycan-Türkiyə qardaşlığının ruhunda, “bir millət, iki dövlət” prinsipi əsasında həyata keçirilir.
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Gəncliyə Yardım Fondunun vurğulanan layihələrinin cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynadığını bildirib. Vitse-prezident bildirib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətləri çərçivəsində keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Cevdet Yılmaz Fondunun fəaliyyətlərini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, Cevdet Yılmaz Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə iştirak etmək məqsədi ilə Azərbaycanda rəsmi səfərdədir.












