Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Vətən Müharibəsi və Aprel Döyüşləri qaziləri ilə müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərin görüşü baş tutub. Görüşdə Vətən Müharibəsinin qaziləri XTQ giziri Güləli Abdullayev və XTQ giziri Vüqar Məmmədov iştirak ediblər.
Tədbir torpaqlarımızın azadlığı və suverenliyi uğrunda əziz canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqləlik sükutla yad edilərək başlanıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və qardaş Türkiyə Respublikasının İstiqlal marşı səsləndirilib.
BİGA-nın koordinatoru Şahalı Cəlilov tədbir iştirakçılarını salamlayaraq Akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. O bildirib ki, bu kimi görüşlərin təşkilində əsas məqsəd gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların milli-mənəvi dəyərlərə bağlılığının artırılması və qəhrəmanlıq nümunələrinin gənc nəsilə çatdırılmasıdır.
Daha sonra çıxış edən Vətən Müharibəsi qaziləri gənclərlə 44 günlük Vətən Müharibəsi və Aprel döyüşləri ilə bağlı xatirələrini bölüşüblər. Qazilər qeyd ediblər ki, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın birliyi, dövlətimizin güclü siyasəti və ordumuzun yüksək döyüş hazırlığının nəticəsidir. Onlar eyni zamanda gəncləri Vətənə layiqli vətəndaş kimi yetişməyə, milli dəyərlərə sadiq olmağa və ölkənin inkişafına töhfə verməyə çağırıblar.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və qazilərə hədiyyə təqdim edilərək xatirə şəkili çəkilib.

















