Gəncliyə Yardım Fondunun rəhbərliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyini ziyarət edib. Ziyarət çərçivəsində Fond rəhbərliyi nümayəndəliyin koordinator əvəzi Kürşat Özdemir bəylə görüşüb.
Görüşdə Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun son illərdə həyata keçirdiyi sosial, humanitar və təhsil yönümlü layihələri haqqında ətraflı məlumat verib. Salih bəy Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun uzun illərdir davam edən birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn layihələrə diqqət çəkərək qeyd edib ki, bu kimi layihələr gənclərin milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və tarixinə sahib çıxması aspektindən xüsusi əhəmiyyət kəsb edir. Gənclərin inkişafına və mədəniyyətimizin təbliğinə istiqamətlənmiş əməkşalığın daha da genişlənəcəyinə ümid etdiyini bildirən Salih Zeki Meriç Kürşat Özdemir bəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Kürşat Özdemir ziyarətlərindən ötrü Salih Zeki Meriç və nümayəndə heyətinə dərin təşəkkürlərini bildirib. O qeyd edib ki, Gəncliyə Yardım Fondu ilə əməkdaşlığımız gənclərin təhsil, sosial və mədəni inkişafına daha geniş imkanlar yaradacaq və gələcəkdə birgə layihələrimizin uğurla reallaşmasına şərait yaradacaq.













