Sosial Fəaliyyətlər GYF-də “Şuşa Fatehi – Yunis Kazımov” Kitabının Təqdimatı Keçirilib

GYF-də “Şuşa Fatehi – Yunis Kazımov” Kitabının Təqdimatı Keçirilib

4

Aprelin 18-də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda Vətən müharibəsi şəhidi Yunis Kazımovun əziz xatirəsinə həsr olunmuş “Şuşa fatehi – Yunis Kazımov” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimini giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı qonaqları salamlayaraq bildirib ki, şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayır və onların qəhrəmanlıq yolu gələcək nəsillər üçün örnəkdir.

Daha sonra şəhid Yunis Kazımovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən kitabın redaktoru Tamella Abbasxanlı, Qazax Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri İlham Pirməmmədov, Müdafiə Nazirliyinin kursantı Ələddin Bağırov, tədqiqatçı alim Əfqan Vəliyev, polis mayoru və şair Aidə Şirinova, ehtiyatda olan polkovnik Eldəniz Namazov, kapitan Toğrul Məmmədov, şair Rəfail İncəyurd, professor Valeh Nəsibli və digər çıxış edənlər şəhid Yunis Kazımovun həyat və qəhrəmanlıq yolundan bəhs edərək onun Vətən uğrunda göstərdiyi igidliyi xüsusi vurğulayıblar.

Şəhidin ailə üzvləri – atası Qasım Yunisoğlu, anası Fəxriyyə Kazımova, həyat yoldaşı Zöhrə Kazımova və övladı Əli də çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər. Onların qürurlu və mətin çıxışları şəhidlik zirvəsinin ucalığını, Vətənə bağlılığın ən ali nümunəsini bir daha nümayiş etdirib.