Bakı İstedadlı Gənclər Akademiyasında “Şəhərsalma zamanı yaşıllıqların qorunması və bərpası” mövzusunda seminar keçirilib. Tədbir Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri mövzusuna” həsr olunmuş WUF13 forumu çərçivəsində aparılan şəhərsalma prosesləri və urban inkişaf fonunda ekoloji balansın qorunmasına həsr olunub.
Seminarın ekspert qonağı Zeynal Əmrəliyev çıxış edərək şəhərsalma planlamasında yaşıllıq zonalarının əhəmiyyətindən, onların qorunması və bərpasının vacibliyindən danışıb. O qeyd edib ki, sürətlə inkişaf edən şəhərlərdə yaşıllıqların azalması ekoloji tarazlığa və yaşayış keyfiyyətinə birbaşa təsir göstərir.
Çıxış zamanı Bakıda həyata keçirilən şəhərsalma layihələri fonunda yaşıllaşdırma siyasətinin gücləndirilməsi, mövcud yaşıllıq sahələrinin qorunması və yeni yaşıl zonaların yaradılmasının əhəmiyyəti vurğulanıb.
Seminarda iştirakçılara şəhər ekosisteminin davamlılığı, ekoloji planlaşdırma və müasir urbanistika yanaşmaları barədə məlumat verilib. Eyni zamanda gənclərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.













