Gəncliyiyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç iyunun 1-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi, Asterias Təlim və İnkişaf Mərkəzi və “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Birlik Yarmarkası” adlı xeyriyyə sərgisinin açılış mərasimində iştirak edib.
Salih Zeki Meriç tədbirdə çıxış edərək bildirib ki, uşaqlarımızın sağlamlığı və gələcəyi naminə təşkil olunan bu xeyriyyə sərgisi təkcə bir tədbir deyil, eyni zamanda insanlığın, mərhəmətin və həmrəyliyin gücünü göstərən mühüm bir çağırışdır. Xüsusilə leykemiya ilə mübarizə aparan uşaqlarımız üçün bir ümid işığı olmaq, onların həyatına bir az da olsa sevinc və güc qatmaq insanlığın, bizim ən ali məqsədlərimizdəndir. Bu sərgidə təqdim olunan əsərlər təkcə bir sənət nümunəsi deyil, eyni zamanda uşaqlarımızın ürəyindən gələn hisslərin, arzuların və ümidlərin ifadəsidir. Hər bir əsər bizə bir həqiqəti xatırladır: sevgi və qayğı ilə dəyişə bilməyəcəyimiz heç bir çətinlik yoxdur, deyə Salih bəy vurğulayıb.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə leykemiya ilə mübarizə aparan uşaqlara dəstək olmaq, cəmiyyətin diqqətini bu məsələyə yönəltmək və həmrəylik ruhunu təşviq etmək məqsədi ilə artıq ikincisi təşkil edilən sərgidə müxtəlif təhsil müəssisələrinin şagirdləri tərəfindən ərsəyə gətirilmiş 145 rəsm əsəri nümayiş olunub.
Sərgi-yarmarkada əldə olunan vəsait leykemiya ilə mübarizə aparan uşaqların müalicəsinə və onların rifahının yaxşılaşdırılmasına yönləndiriləcək.

















