Sosial Fəaliyyətlər Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirinin Müavini Dr. Serdar Çam GYF-ni Ziyarət...

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirinin Müavini Dr. Serdar Çam GYF-ni Ziyarət Edib

19

“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak məqsədi ilə Bakıda rəsmi səfərdə olan Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Dr. Serdar Çam Gəncliyə Yardım Fondunu ziyarət edib. Görüşdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin koordinatoru Hayrettin Özçelik və Güvən Çolak da iştirak edib.

Salih Zeki Meriç qonaqlara Gəncliyə Yardım Fondunun uzun müddətdir davam edən fəaliyyətləri, gənclərin sosial, mədəni və elmi inkişafına yönəlmiş proqramlar və həyata keçirilməsi planlaşdırılan layihələr barədə ətraflı məlumat verib. Salih Zeki Meriç bu ziyarətin Fondun fəaliyyəti və gənclər üçün yaradılan imkanlar barədə fikir mübadiləsi baxımından əhəmiyyət kəsb etdiyi bildirib və Serdar bəyə təşəkkür edib.

Dr. Serdar Çam Gəncliyə Yardım Fondunun fəaliyyətlərinin müasir gəncliyin inkişafı, milli-mədəni dəyərlərin qorunması və gələcək nəslə inteqrasiyası istiqamətində mühüm yer tutduğunu qeyd edib.

Daha sonra Azərbaycan və Türkiyə arasında mədəni-humanitar əməkdaşlığın möhkəmləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və gənclər sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.