25.07.2014-cü il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı və TİKA Bakı koordinatorluğunun dəstəyi ilə Darussalam şəhəri, İlala vilayətinin Yombo qəsəbəsində Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin adına su quyusu açılıb.
Tədbirdə Gəncliyə Yardım Fondunun əməkdaşları, bölgə bələdiyyəsinin sədri, yerli kənd camaatı və REHEMA xeyriyyə təşkilatının rəhbər işçiləri iştirak ediblər.
Bölgə bələdiyyəsinin sədri qonaqları salamlayaraq görülən xeyriyyə işlərinin onlar üçün diqqət və qayğının nəticəsi olduğunu qeyd edib. O, öz çıxışında bölgədə yaşayan insanların bu günə qədər susuzluqdan əziyyət çəkdiyini bildirib. Açılışı olan su quyusunun da bütün qəsəbə sakinlərinin sevinc mənbəyinə çevriləcəyini xüsusi olaraq vurğulayıb. O eyni zamanda bu kimi xeyriyyə fəaliyyətlərinə yaxından dəstək olan TİKA rəhbərliyinə öz təşəkkürünü bildirib.
Azərbaycan heyətinin təmsilçisi, Gəncliyə Yardım Fondunun nümayəndəsi Rüfət Şirinov da öz çıxışında yeni qazılmış su quyusuna verilən adın önəmindən bəhs edib. Tədbir iştirakçılarına Azərbaycanlı xeyriyyəçi H.Z.Tağıyevin bütün müsəlman aləmi üçün gördüyü xeyriyyə işlərindən və onun insani keyfiyyətlərindən danışıb.
Tədbir məktəb tələbələrinin hazırladığı maraqlı səhnəciklərlə davam edib və sonda yerli REHEMA xeyriyyə təşkilatı adından tədbir iştirakçılarına ərzaq paketləri paylanıb.