Hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki, keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım”, “Qarabağ Suallar və Faktlar” kitabının nəşri, “Yeddi Uşaq Evinə Yardım”, “Qocalar Evinə Yardım”, “Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması”, “Qarabağ Suallar və Faktlar” kitabının türk dilində nəşri,…
“25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd” və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı” layihəyəsinə həsr edilmişdir. Bunu da qeyd edək ki, ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir.
Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur. Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət edir.
İllərdir uşaqlarla yaxından dostluq edən və onlara hər zaman qayğı göstərən “Gəncliyə Yardım Fondu” ənənəvi olaraq, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün bayram şənlikləri keçirir, onlara sovqatlar aparır, məktəb ləvazimatları ilə təmin edir.
Bunun bariz nümunəsidir ki, bu ilki xeyriyyə sərgisindən əldə olunacaq gəlirlər, Gəncliyə Yardım Fondunun “101 Arzunu Gerçəkləşdir” layihəyəsinə istifadə olunması planlaşdırılmışdır. Layihə çərçivəsində Bakı şəhərində yaşayan, 6-12 yaşlarında olan 101 yetim və kimsəsiz uşaq seçiləcək və sərgidən əldə olunan gəlirlər onların arzusunun gerçəkləşməsinə sərf ediləcəkdir.
Sərginin açılış mərasimində dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edəcəkdir.
Sərgi 07 mart 2012-ci il, saat 11:00-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında (Ünvan: Bakı şəh, Cəfərov qardaşları küç., 16, İçəri Şəhər metrosu, Təzə Bəy hamamının yaxınlığında ) keçiriləcəkdir.
Qeyd: Sərgi 4 gün davam edəcəkdir.