Sosial Fəaliyyətlər GYF-nin prezidenti Ahmet Tecim xüsusi mükafata layiq görüldü

GYF-nin prezidenti Ahmet Tecim xüsusi mükafata layiq görüldü

40

 04.06.2012-ci il tarixində “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü, İdarə Heyətinin üzvləri Fərman Salmanlı və Nicat Sadıqlı Gəncliyə Yardım Fondunda (GYF) olublar. Birliyin təmsilçiləri GYF-nin prezidenti Əhməd Tecimlə görüşüblər. 
     Görüşün məqsədini açıqlayan Mübariz Göyüşlü təmsil etdiyi təşkilatın iyun ayının 5-də yeddi yaşının tamam olduğunu söyləyərək bu müddət ərzində gördükləri işləri özündə əks etdirən Hesabatın artıq uluturk.info saytına yerləşdirildiyini bildirib.

O, bu illər ərzində daim GYF ilə sıx əməkdaşlıq etdiklərini və ötən müddət ərzində çoxsaylı işlər gördüklərini vurğulayıb. M.Göyüşlü Əhməd Tecimə “Siz GYF-nin rəhbəri olduqdan sonra bu əməkdaşlıq daha da genişləndi” deyib. İdarə Heyətinin sədri eyni zamanda Fondun, onun prezidentinin və digər təmsilçilərinin Azərbaycan üçün, Türk-İslam Dünyası üçün çoxsaylı işlər gördüklərini, bunu təmənnasız şəkildə gerçəkləşdirdiklərini söyləyib: “Bildiyiniz kimi Təşkilatımızın İdarə Heyətinin qərarı ilə ötən il Əli bəy Hüseynzadə adına Türk-İslam Dünyasına Xidmət Mükafatı təsis olundu. Mükafatı təşkilatımızın yarandığı 5 iyun tarixində Azərbaycan üçün, Türk-İslam Dünyası üçün xidmətləri olan şəxslərə verməyi qərarlaşdırdıq. 2011-ci ildə Mükafatı Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərova verdik. 2012-ci ildə bu Mükafatı sizə, sizin qisminizdə Gəncliyə Yardım Fonduna təqdim etməyə gəlmişik. Bügünkü ziyarətimizin məqsədi də budur”. 

     Bundan sonra Mübariz Göyüşlü Əli bəy Hüsenzadə adına Türk-İslam Dünyasına Xidmət Mükafatını Əhməd Tecimə təqdim etmişdir. 
     Öz növbəsində Əhməd Tecim “Müasir İnkişaf” İctimai Birliyinin üzvlərini təşkilatın 7 yaşı münasibətilə təbrik etmişdir: “Xeyli zəhmət çəkmisiniz. Əslində bu münasibətlə bizlər sizin fəaliyyətinizi qiymətləndirməliydik, amma bu işi siz gördünüz. Bizim işlərimizə belə dəyər verdiyiniz üçün təşəkkürümü bildirirəm”. Ə.Tecim GYF-nin çoxsaylı təşkilatlarla əməkdaşlıq etdiyini, bu siyahıda “Müasir İnkişaf” İctimai Birliyinin fəaliyyətini hər zaman dəyərləndirdiklərini vurğulayıb. O, təşkilatın və onun üzvlərinin daim qarşıya qoyulan ideya naminə səbirlə, əzmlə çalışdıqlarını vurğulayaraq bunu yüksək dəyərləndirdiklərini qeyd edib. 
Daha sonra qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi edilmiş və sonda xatirə şəkili çəkdirilmişdir.