Sosial Fəaliyyətlər GYF-də Rəsm Sərgisi Açıldı

GYF-də Rəsm Sərgisi Açıldı

7

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi xüsusi istedada malik gəncləri tanıtmaq məqsədilə yeni layihəyə start verib. Bu gün Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında  saat 11:00-dan 17:00-dək “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən gənclər şöbəsinin təmsilçisi Elvin Süleymanovun “Ağ-Qara dünyam” adlı rəsm sərgisinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc xanım Əzimbəyli açıq elan edərək İctimai Birliyin fəaliyyətlərindən və milli-mənəvi dəyərlərimizə sahib olan gəncliyimizin əhəmiyyətindən danışıb. 

 Tədbirdə T.C. Bakı Böyükelçiliyinin Mədəniyyət Müşaviri Seyid Ahmet Arslan, Mətbuat Müşaviri Hamit Karadeniz, Din İşləri Müşaviri Dr. Sadık Eraslan, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Qarabağ Seyic Ocaqlarının sədri Seyid Camal Əzimbəyli çıxış edərək sərginin səbəbkarına gələcək həyatında uğurlar arzulayıblar. Təqdimat Xocalı faciəsinin ildönümü ərəfəsində keçirildiyi üçün sərgidə nümayiş olunan rəsm əsərlərinin satışı da təşkil olunub. Rəsm əsərlərinin satışından əldə edilən gəlir şəhid ailələri, qazilər və əlillərə yönəlik xeyriyyə aksiyasına sərf ediləcək.