Sosial Fəaliyyətlər 75 06.04.13 Millət Vəkili Fazil Mustafa GYF-də Gənclərlə Görüşdü

75 06.04.13 Millət Vəkili Fazil Mustafa GYF-də Gənclərlə Görüşdü

7

Bu gün Gəncliyə Yardım Fondunun  akt zalında GYF-Təhsil Şöbəsinin təşkilatçılığı ilə millət vəkili Fazil Mustafanın gənclərlə görüşü keçirilib. Görüş əsnasında millət vəkili yetişməkdə olan gənc nəslin qarşısında duran prioritet məsələlərdən danışıb. Gələcəkdə  uğur qazanmağın yollarını keçmişdə baş verən hadisələrin düzgün qiymətləndirilməsində və doğru təhlilində görən F. Mustafa gənclərə də tariximizi yaxşı öyrənməyi məsləhət bilib.  Millət vəkili eyni zamanda Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq münasibətlərinə toxunaraq “iki dövlət bir millət” fəlsəfəsinin elmi əsasları haqqında məlumat verib..

Fazil Mustafa  bu günlərdə “Nuru Paşanı tanıyaq və halallıq alaq!” adlı kampaniyaya başladığını da bəyan edib.  O qeyd edib ki, 95 il öncə – 1918-ci ilin 31 mart tarixində erməni-rus birliklərinin idarə etdiyi Bakı Kommunasının quldur dəstələri otuz mindən artıq dinc Azərbaycan türkünü vəhşicəsinə qətlə yetirmişlər. Bu quldurlar Bakıda, Qubada, Şamaxıda, Muğanda məhz etnik əlamətə görə bütün türk əhalini öldürməklə qalmamış, Qubada olan yəhudiləri də məhv etmişlər. Bu hadisədən iki ay keçməmiş Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycan türklərini xilas etmək üçün vətənimizə gəlmiş, Bakı Kommunasının hərbi birləşmələrini darmadağın edərək sentyabr ayının 15-də Bakını işğaldan azad etmişdir. Məhz bu hadisədən sonra milli hökumətimiz Gəncədən Bakıya köçmüş, o zamandan Bakı Azərbaycanın başkəndi olmuş. Yüzlərlə türk əsgəri Azərbaycan türkləri ilə birlikdə bu savaşlarda şəhid olmuşdur. Sonradan Nuru Paşa heç bir səlahiyyəti olmadığı halda, Qarabağı da erməni quldurlarından təmizləmiş və orada Azərbaycan dövlətinin nəzarətini bərpa etmişdir.

Görüşün sonunda millət vəkili gənclərin suallarını cavablandırmış və xatirə şəkili çəkilmişdir.