Sosial Fəaliyyətlər İRFAN jurnalı 100-cü sayını qeyd etdi

İRFAN jurnalı 100-cü sayını qeyd etdi

23

2005-ci ildən nəşr olunan “İrfan” ictimai fikir jurnalı aprel ayının 4-də 100-cü sayının çıxması münasibəti ilə tədbir təşkil etdi. Gəncliyə Yardım Fondunun konfrans salonunda qeyd olunan yubiley mərasimində Türkiyənin Azərbaycan Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Türkiyənin Azərbaycandakı sabiq Din Xidmətləri müşaviri Sadık Eraslan və yeni müşavir Kamil Güneş, Bakı Dövlət Universitetinin və Bakı İslam Universitetinin müəllimləri, bir sıra tanınmış ictimai xadim, “İrfan”ın yazarları, təmsilçi və abunəçiləri iştirak edirdi.

Tədbiri açıq elan edən “İrfan” jurnalının baş redaktoru Nurlan Məmmədzadə bütün iştirakçıları və qonaqları salamladıqdan sonra “İrfan”ın Azərbaycan mühitindəki yerindən, keçən illər ərzində görülən işlərdən söz açdı. Tədbirə ev sahibliyi edən Gəncliyə Yardım Fondu adından himayədarlar şurasının sədri Ahmet Tecim çıxış edərək jurnal kollektivini təbrik etdi. O, öz çıxışında müasir cəmiyyətdə mətbuat işinin əhəmiyyətindən danışaraq, milli-mənəvi mövzulara işıq tutan jurnalların vacibliyini vurğuladı. İpəkyolu Nəşriyyatının direktoru Ramiz Məmmədov və direktor müavini Abbas Qurbanov da oxumağın ictimai mühitə lüzumundan, ümumilikdə “İpəkyolu” nun Azərbaycan oxucusuna töhfələrindən söz açdılar, keçən illər ərzində nəşr olunan kitab və jurnallar barədə məlumat verdilər. İrfan jurnalının təqdimat videosu göstərildikdən sonra qardaş Türkiyədən təşrif buyurmuş qonaqlara söz verildi. Jurnalın yazarlarından olan Lokman Helvacı və Salih Zeki Meriç çıxış edərək Azərbaycan təəssüratlarını paylaşdılar. Azərbaycan oxucusuna yazı yazarkən hansı hissləri keçirdiklərini, deyilmiş sözün, yazılmış məqalənin hansı təsir gücünə malik olduğunu yaşadıqları hadisələrdən misallar verərək iştirakçılarla paylaşdılar. Bakı İslam Universitetinin müəllimi, eyni zamanda “İrfan” yazarı Fuad Quliyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Türkiyənin ölkəmizdəki sabiq Din Xidmətləri müşaviri Sadık Eraslan və yeni müşavir Kamil Güneş ürək sözlərini söyləyərək öz təbriklərini çatdırdılar.

Yubiley tədbirinin sonunda ölkəmizdə xidmət müddəti başa çatan sabiq Din Xidmətləri müşaviri Sadık Eraslan və Türkiyədən gələn qonaqlar – Lokman Helvacı və Salih Zeki Meriç “İrfan” jurnalı tərəfindən “Təşəkkürnamə” ilə təltif olundular. Xatirə şəkilləri çəkilərək tədbir başa çatdı.