24 iyun 2021-ci il tarixdə Dədə Qorqud parkında, açıq havada Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “26 iyun – Ümumdünya narkomaniyaya qarşı mübarizə günü” münasibəti ilə “Vətənini, özünü, ailəni düşün – Sağlam Yaşa” mövzusunda seminar keçirilib.
Seminarda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 8 saylı şəhər poliklinikasının nevropatoloqu Jalə Cəlilova, 18-ci Polis bölməsinin polis mayoru, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor Azad Əliyev, 18-ci Polis bölməsinin inspektoru Amor Məmmədli, Gəncliyə Yardım Fondunun əməkdaşı, yazar Eldar Kərimov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, fəal gənclər və könüllülər iştirak etmişlər.
Seminarda çıxış edən natiqlər qeyd etdilər ki, narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür. Xalqımızın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusən gənclərin sağlam mühitdə böyümələrini diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanı, 1999-cu il 29 iyul tarixli “Narkotik vasitələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, bu fərman və qanunun icrası üçün Dövlət Komissiyasının yaradılması və sair ölkəmizdə bu bəlaya qarşı ciddi və ardıcıl mübarizə aparıldığını göstərir.
Tədbirin sonunda istedadlı gənclər asudə vaxtın səmərəli təşkil etmək məqsədi ilə musiqi alətlərdə vətənpərvər mahnılar ifa etdilər.