“100 İllik Əmanət” layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclərin Bakıdakı ziyarətləri davam edir.
Layihə iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. İştirakçılar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər.
Türkiyədən gələn gənc tələbələr Quba soyqırım məzarlığını da ziyarət ediblər. Layihə iştirakçıları Quba Soyqırım Memorial Kompleksdə yaradılmış muzeylə də tanış olublar. Qonaqlara 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş qırğınlar, bu faciənin miqyası və məqsədi, Memorial Kompleks ərazisində aşkar olunmuş kütləvi məzarlıq barədə məlumat verilib.
Eyni zamanda tələbələr bu gün Bakı Şəhər Gənclər İdman Baş İdarəsində olub və İdarənin rəis müavini Aydın Yusifovla görüşüblər. Görüş əsnasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək rəhbərlik etdiyi idarənin Nərimanov rayonunda yerləşən universitet tələbələri ilə yaxından əməkdaşlıq etdiyini deyib və qonaq tələbələri Nərimanov Rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlığa dəvət edib. Görüşün sonunda Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəhbərliyi tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, bu fəaliyyətlər Türkiyənin Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən “100 İllik Əmanət” layihəsi çərçivəsində həyata keçirilir.