Simpoziumda Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak edib.
Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxlaq Simpoziumunda Azərbaycan, Türkiyə və İraqdan millət vəkilləri, ictimai-siyasi xadimlər, tarixçilər, QHT və media mənsubları iştirak ediblər.
Simpozimu açıq elan edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, tədbirin bu gün keçirilməsi təsadüfi deyil, çünki sabah 3 May – Türklük günüdür: “Türkiyəmiz başda olmaqla türk dövlətləri çox ağrılı bir dövrdən, qloballaşan dünyada baş verən böyük güclərin iqtisadi savaşları içindən keçir. Kərkük və Qarabağ türk dünyasının açarıdır. Kərkük Azərbaycanın özüdür, bizim səsimizdir”.
İraq Türkmən Cəbhəsinin başqanı, Kərkük millət vəkili Ərşad Salihi bildirib ki, bu gün Bakıda olması türk varlığına mesajdır: “Ümidimiz olan zaman biz əsarəti qəbul edə bilmərik. Bunun üçün də bayrağımız yüksələcək”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral simpoziumun önəmindən danışıb: “Türk dünyası son yüzilliklərdə böyük ağrılar çəkib və bu acılar hələ də davam edir. Bu acılardan ən böyük ikisi bu simpoziumun mövzusunu təşkil edir. Onlardan biri Kərkük, digəri isə Qarabağdır. Bu iki məsələ ürəyimizdə qalmış bir yaradır. Bu yaraları hər zaman xatırlamaq, sağaltmaq üçün nə etməli olduğumuzu anlatmaq, məsələnin türklərin qəlbindəki yara olduğunu bildirmək, bu yaraların nə olduğunu anlatmaq üçün belə tədbirlərin türk dünyasının hər yerində keçirilməsinin vacib olduğunu düşünürük. Çünki biz keçmişdə yaşadıqlarımızı öyrənməsək, unutsaq gələcəyimizə sahib çıxa bilmərik”.
Rəsmi çıxışdan sonra panel iclasları başlayıb. İraq Türkmən Cəbhəsinin başqanı, Kərkük millət vəkili Ərşad Salihi İraq türkmənlərinin mövcud vəziyyəti və gözləntilər, professorlar Kürşad Zorlu və Qəzənfər Paşayev İraqda türkmənlərin demoqrafik vəziyyəti və gözləntiləri mövzularında çıxış ediblər.